Orban: Prezident Zelenskinin şantajına boyun əyməyəcəyik
Budapeşt, 3 mart (Hibya) – Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə məktub yazaraq, Ukraynanın “Drujba” boru kəməri vasitəsilə neft tədarükünü əngəlləməsinə cavab olaraq Aİ–Ukrayna Assosiasiya Sazişinin icrasını tələb edib.
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın “Drujba” boru kəmərini bağlama qərarını “siyasi şantaj” adlandıraraq, Avropa İttifaqını tədbir görməyə çağırıb.
Orban bildirib ki, boru kəmərinin bağlı qalması üçün heç bir texniki maneə yoxdur və bunu peyk görüntüləri də sübut edir.
Baş nazir Orban Avropa Komissiyasının sədri fon der Lyayenə ünvanladığı məktubda qeyd edib:
“Prezident Zelenskinin şantajına boyun əyməyəcəyik. Bu gün mən prezident fon der Lyayeni Aİ–Ukrayna Assosiasiya Sazişini tətbiq etməyə çağırdım; bu saziş Ukraynanı Macarıstana neft tədarükünə icazə verməyə məcbur edir. Ukraynanın ‘Drujba’ boru kəmərini yenidən açmaqdan imtinası tamamilə siyasi səbəblərə əsaslanır və məqsədi Macarıstanda davam edən seçki kampaniyasına müdaxilə etməkdir.”
Diplomatik səylərin nəticəsiz qaldığını bildirən Orban əlavə edib: “Avropa Komissiyasının Ukrayna üzərində siyasi təzyiqi artırmasını gözləyirəm ki, Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyi zərbə altına düşməsin. Demokratik proseslərimizə xarici müdaxiləni qəbul edə bilmərik və bu cür bütün cəhdlərin qarşısını alacağıq. Bu ruhla bildirmək istəyirəm ki, Ukrayna normala dönənə qədər Avropa İttifaqında Ukraynanı dəstəkləyən heç bir qərarı dəstəkləyə bilməyəcəyəm.”
Azərbaycan İnformasiya Agentliyi