Səkkiz ölkənin xarici işlər nazirlərindən Əl-Əqsa məscidi ilə bağlı bəyanat
Doha, 24 iyul (Hibya) - Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri Əl-Əqsa məscidində baş verən son hadisələrlə bağlı birgə bəyanat yayıblar.
Bəyanatda İsrailin ifrat sağçı nazirlərinin rəhbərliyi ilə məskunlaşanların İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında Əl-Əqsa məscidinə basqınları, kompleks daxilində İsrail bayrağının açılması, İsrail polisi tərəfindən çadır qurulması və digər təxribat xarakterli hərəkətlər ən sərt ifadələrlə pislənib.
Bəyanatda qeyd olunub ki, bu addımlar beynəlxalq hüququn, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin və işğal altındakı Şərqi Qüdsdə yerləşən müqəddəs məkanların tarixi və hüquqi statusunun açıq şəkildə pozulmasıdır. İsrailli nazirlərin və qrupların təhrikedici bəyanat və hərəkətlərinin nifrət və ekstremizmi körüklədiyi, iki dövlətli həll əsasında ədalətli və davamlı sülh səylərinə mənfi təsir göstərdiyi bildirilib.
Bəyanatda Qüdsün İçərişəhər hissəsinə və ibadət yerlərinə girişə qoyulan məhdudiyyətlərin beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. İsrailin işğal altındakı Qüds və orada yerləşən İslam və xristian müqəddəs məkanları üzərində suverenliyinin olmadığı qeyd edilib.
Xarici işlər nazirləri İsrailin işğal altındakı Şərqi Qüdsün tarixi, hüquqi və demoqrafik quruluşunu dəyişdirməyə yönəlmiş addımlarını da pisləyərək, Qüdsün və müqəddəs məkanların tarixi və hüquqi statusunu dəyişdirmək cəhdlərini rədd etdiklərini bildiriblər.
Bəyanatda həmçinin Əl-Əqsa məscidi kompleksinin bütövlükdə yalnız müsəlmanlara məxsus ibadət yeri olduğu, İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəs Məkanlar Nazirliyinə bağlı Qüds Vəqflər İdarəsinin Əl-Əqsa məscidinin idarə olunmasına və girişlərin tənzimlənməsinə cavabdeh yeganə səlahiyyətli qurum olduğu qeyd edilib.
Nazirlər İsraili İçərişəhərə giriş məhdudiyyətlərini aradan qaldırmağa və müsəlmanların Əl-Əqsa məscidinə daxil olmasına mane olan tədbirlərə son qoymağa çağırıblar. Onlar beynəlxalq ictimaiyyəti də İsrailin Qüdsdəki İslam və xristian müqəddəs məkanlarına qarşı pozuntu və hərəkətlərini dayandırmaq üçün qətiyyətli addımlar atmağa çağırıblar.
Azərbaycan İnformasiya Agentliyi