Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Trampın çıxışından bəzi əsas məqamlar bunlardır:

“Mənim göstərişimlə ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında son dərəcə qeyri-adi hərbi əməliyyat həyata keçirdi. Əməliyyatda hava, quru və dəniz qüvvələrindən istifadə olundu. İnsanlar İkinci Dünya Müharibəsindən bəri belə bir hücum görməmişdi.

Əməliyyat qanunsuz Nikolas Maduronu ədalət qarşısına çıxarmaq üçün həyata keçirildi. Bu əməliyyatı Amerika tarixində ABŞ hərbi gücünün ən effektiv və sarsıdıcı şəkildə tətbiqinə nümunə kimi göstərə bilərik.

Dünyada heç bir dövlət ABŞ-ın əldə etdiyi uğuru əldə edə bilməzdi. Venesuelanın hərbi potensialı tamamilə iflic edildi və hüquq-mühafizə orqanları ilə birlikdə çalışan əsgərlərimiz qaranlıq şəraitdə uğurlu əməliyyat həyata keçirdilər.

Əməliyyat zamanı Karakasda işıqların söndürülməsinin səbəbi Amerikanın malik olduğu xüsusi bir ixtisaslaşmadır.

Maduro həyat yoldaşı ilə birlikdə yaxalandı və hər ikisi Amerika ədaləti qarşısında cavab verəcək. Nyu-Yorkun Cənub Məhkəməsi tərəfindən ölümcül narkoterror cinayətləri ilə bağlı onlara qarşı ittiham aktları hazırlanmışdı.

Belə nəfəs kəsici və uğurlu əməliyyata imza atan silahlı qüvvələrimizin üzvlərini təbrik edirəm. Döyüşçülərimiz Amerika hüquq-mühafizə orqanları ilə birlikdə çalışdılar.

Venesuela tərəfi qarşıda nə gələcəyini bilirdi və hazır idi, lakin imkanları sıfıra endirildi.

Bu əməliyyatda çoxlu helikopterlərimiz və şəxsi heyətimiz iştirak etdi, lakin heç bir Amerika əsgəri həyatını itirmədi, heç bir avadanlıq və nəqliyyat vasitəsi itirilmədi. ABŞ ordusu dünyanın ən güclü və ən qorxuducu silahlı qüvvəsidir; avadanlıqlarımız və bacarıqlarımızla həqiqətən də unikal mövqedəyik.

Gəmilərə baxdıqda, dəniz yolu ilə gələn narkotiklərin 97 faizini aradan qaldırdıq; bu narkotik daşıyan hər bir gəmi orta hesabla 25 min insanın ölümünə səbəb olurdu. Onların bir çoxu Venesuela adlı yerdən gəlirdi.

Təhlükəsiz və ədalətli keçid prosesi təmin olunana qədər ölkəni biz idarə edəcəyik. Başqasının gəlib eyni vəziyyəti təkrarlamasını istəmirik. Ədalətli hakimiyyət dəyişikliyi baş verənə qədər ölkəni idarə edəcəyik, çünki Venesuela xalqı üçün sülh və rifah istəyirik.

Venesuelada neft ticarəti çox uzun müddətdir ciddi çətinliklər içində idi. Potensialla müqayisədə çox aşağı səviyyədə neft hasil edirdilər. Bundan sonra Amerikanın ən böyük neft şirkətləri ora daxil olacaq, son dərəcə bərbad neft infrastrukturunu bərpa edəcək və ölkə üçün gəlir əldə etməyə başlayacaqlar.

Bu məsələdə ikinci və daha böyük bir hücumu həyata keçirməyə də hazırıq. Birinci dalğa o qədər uğurlu oldu ki, ikinci hücuma ehtiyac qalmadı, lakin əks halda daha böyük bir dalğa üçün də hazır idik.

Venesuela xalqını varlı, müstəqil və təhlükəsiz edəcəyik. Eyni zamanda Venesueladan gəlib ABŞ-da yaşayanlar da xoşbəxt olacaqlar.

Maduro narkotik ticarəti ilə yanaşı böyük bir cinayət karteli olan “Cartel de los Soles”in də başında idi. O, millətimizi ölümcül zəhərlərlə doldururdu. İllər ərzində minlərlə amerikalı buna görə həyatını itirdi.

Maduro və həyat yoldaşı Amerika torpaqlarında mühakimə olunacaqlar. Hazırda Nyu-Yorka doğru gedən bir gəmidədirlər. Venesuelanın dövlət başçısı kimi səlahiyyət müddəti bitdikdən sonra hakimiyyəti tərk etmədi və tam bir zorakılıq və terror kampaniyası apardı. Bütün regionun sabitliyini təhdid etdi.

Venesuela xalqı yenidən azad olacaq. Onlar üçün uzun zaman keçdi, lakin Amerika Birləşmiş Ştatları onlar üçün daha təhlükəsiz bir dövlətdir.

Venesuelanın müəyyən bir qrupla birlikdə düzgün şəkildə idarə olunmasını və neft infrastrukturunun yenidən qurulmasını təmin edəcəyik. Neft lazım olduğu kimi axacaq. Venesuela xalqı layiq olduğu şəkildə idarə olunacaq.

Venesuelaya əsgər göndərməkdən qorxmuruq. Bu işi boşuna etmədik. Ölkə düzgün və ədalətli şəkildə idarə olunacaq. Ölkənin idarəetmə mexanizmi üçün bəzi adları təyin edirik. Bu adları daha sonra ictimaiyyətə açıqlayacağıq.

Venesuelanı arxamda gördüyünüz insanlar idarə edəcək. Ölkəni yenidən qurmalıyıq.”

Pit Hegseth vurğuladı ki, Maduronun qarşısında İran kimi bir fürsət var idi, lakin o, bu fürsəti tükəndirdi.

ABŞ Baş Qərargah rəisi general Den Keyn isə əməliyyatla bağlı aşağıdakı məlumatları verdi:

“Dün axşam ABŞ Prezidenti Trampın göstərişi və Ədliyyə Nazirinin dəstəyi ilə ABŞ Silahlı Qüvvələri Karakasda bir ələ keçirmə əməliyyatı həyata keçirdi. Hədəf Nikolas Maduro idi. Əməliyyat mükəmməl dəqiqliklə icra olundu. Aylarla planlaşdırılan və yalnız Amerikanın həyata keçirə biləcəyi bir əməliyyat idi.

Bu əməliyyat üçün onilliklər ərzində saysız-hesabsız əməliyyatlardan çıxarılan dərslər nəzərə alındı. ABŞ saat 22:00-dan sonra əməliyyat əmrini verdi və bu mesaj bütün komandaya çatdırıldı. 150 təyyarə havaya qalxdı və hər biri yaxın koordinasiya şəraitində təsirlərini qat-qat tətbiq etdi. Aylarla davam edən kəşfiyyat işləri nəticəsində Maduronun harada olduğunu, hara getdiyini, nə yediyini, hətta ev heyvanlarına qədər bilirdik.

Dekabrın əvvəlində mülki şəxslərə verilə biləcək zərərin azaldılması və Maduronun zərər görmədən ədalətə təslim edilməsi üçün uyğun gün gözlənildi. Uyğun hava şəraiti də gözlənildi. Dünən axşam buludlar bir qədər açıldı və əmr verildikdə təşkilatdakı hər kəs işini mükəmməl şəkildə yerinə yetirdi.

ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 01:01-də ora çatdıq və Maduronun iqamətgahına daxil olduqdan sonra Maduro və həyat yoldaşı təslim oldular.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp