Ukrayna Xarici İşlər Nazirliyi: Rusiya işğal etdiyi Gürcüstan və Ukrayna ərazilərindən çıxmalıdır
Kiyev, 7 avqust (Hibya) - Ukrayna Xarici İşlər Nazirliyi 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin ildönümü münasibətilə yaydığı bəyanatda Rusiyanı Gürcüstan və Ukraynanın işğal olunmuş ərazilərindən çıxmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb.
Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın 18 il əvvəl Gürcüstana hərbi müdaxiləsi beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması olub.
Bəyanatda qeyd olunub ki, 2008-ci ildə başlayan hücumlar, insan itkiləri, yüz minlərlə insanın məcburi köçkün düşməsi, Abxaziya və Tsxinvali/Cənubi Osetiya bölgələrinin işğalı, məcburi pasportlaşdırma və sərhədləşdirmə tədbirləri Moskvanın digər dövlətlərin suverenliyini hədəf alan siyasətinin tərkib hissəsidir.
Nazirlik hesab edir ki, beynəlxalq ictimaiyyətin 2008-ci ildə kifayət qədər sərt reaksiya verməməsi Rusiyanın sonradan Krımı və Donbası işğal etməsinə, daha sonra isə Ukraynaya qarşı genişmiqyaslı hücuma başlamasına zəmin yaradıb.
Bəyanatda vurğulanıb ki, Ukrayna Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edir və Rusiya Gürcüstan və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən çıxaraq beynəlxalq öhdəliklərini yerinə yetirməlidir.
Ukrayna Xarici İşlər Nazirliyi həmçinin beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiqi artırmağa, sanksiyaları genişləndirməyə və Rusiyanın siyasi və hərbi rəhbərliyinin təcavüz cinayəti və digər hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunmasına yönəlmiş birgə səyləri dəstəkləməyə çağırıb.
Azərbaycan İnformasiya Agentliyi