Xamenei mədəni və iqtisadi müharibəyə çağırış etdi
İranın Ali Rəhbəri Müctəba Xamenei yayımladığı mesajda İran xalqını ölkənin “düşmənlərini” məğlub etmək üçün “iqtisadi” və “mədəni müharibə” aparmağa çağırdı.
CCTV-nin məlumatına görə, Əmək Bayramı və Müəllimlər Günü münasibətilə çıxış edən Xamenei bildirib ki, İran hərbi sahədə gücünü nümayiş etdirib və əlavə edib ki, “onları iqtisadi və mədəni müharibələrdə də məğlub etməlidir”.
Xamenei müəllimləri və işçiləri bu prosesdə ən təsirli amillər kimi qiymətləndirərək onların iqtisadi və mədəni sahələrin “dayaqları” olduğunu bildirib. O, həmçinin yerli məhsulların istehlakına üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Digər tərəfdən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) donanması Xameneinin göstərişlərinə uyğun olaraq Fars körfəzi və Hörmüz boğazında yeni qaydaların tətbiq ediləcəyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, İran təxminən 2 min kilometrlik sahil xətti üzərində nəzarətindən istifadə edərək bölgəni enerji və gəlir mənbəyinə çevirməyi hədəfləyir.
Azərbaycan İnformasiya Agentliyi