Zelenski: Rusiya xalqımıza 420 pilotsuz uçuş aparatı və 39 raketlə atəş açdı
Kiyev, 26 fevral (Hibya) - Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya 420 pilotsuz uçuş aparatı və müxtəlif tipli, o cümlədən 11-i ballistik olmaqla 39 raketlə Ukrayna xalqına atəş açıb.
Prezident Zelenski vurğulayıb ki, Rusiya ötən gecə bir daha kritik infrastruktur və adi yaşayış binalarına hücum edib.
O qeyd edib ki, Ukrayna xalqına qarşı 420 pilotsuz uçuş aparatı və müxtəlif tipli 39 raket, o cümlədən 11 ballistik raket atılıb. “Səkkiz bölgədə dağıntılar qeydə alınıb, bir çox fərdi evlər və çoxmənzilli binalar zərər görüb. Bu hücum nəticəsində uşaqlar da daxil olmaqla onlarla insanın yaralandığı bildirilib”, - deyə o bildirib.
Zelenski Poltava bölgəsindəki qaz infrastrukturu obyektlərinin, eləcə də Kiyev və Dnepr bölgələrindəki elektrik yarımstansiyalarının hədəf alındığını qeyd edib. “Bu gün buraxılan raketlərin əksəriyyəti tərəfdaşlarımızın son Ramştayn görüşündə razılaşdırılan hava hücumundan müdafiə raketlərinin bir hissəsini sürətlə göndərməsi sayəsində uğurla zərərsizləşdirildi. Təəssüf ki, zərbələr də oldu. Bu isə daha fəal şəkildə işləməyə davam etməli olduğumuz deməkdir”, - deyə o əlavə edib.
Zelenski bildirib ki, Rusiya enerji sistemlərini məhv etməyə cəhdlərini davam etdirdiyi müddətdə hər gün hava hücumundan müdafiə raketlərinə ehtiyac var.
Azərbaycan İnformasiya Agentliyi