Avropa Parlamenti İranın etirazçılara qarşı repressiyalarını pislədi
Brüssel, 26 yanvar (Hibya) – Avropa Parlamenti İran rejiminin ölkədəki etirazçılara qarşı həyata keçirdiyi repressiya və kütləvi qətllərə reaksiya verib.
Avropa Parlamenti İran hakimiyyətindən dinc etirazçılara qarşı zorakılığa dərhal son qoymağı, bütün edamları dayandırmağı və mülki şəxslərin öldürülməsinə və repressiyalara son verməyi qeyd-şərtsiz tələb etdi. İran xalqı və onların cəsur və legitim etiraz hərəkatı ilə tam həmrəylik ifadə edən Parlament təhlükəsizlik qüvvələrinin genişmiqyaslı, qəsdən və qeyri-mütənasib güc tətbiqini qətiyyətlə pislədi.
Parlament üzvləri hazırda saxlanılan bütün etirazçıların, insan hüquqları müdafiəçilərinin və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etdilər.
Bundan əlavə, Parlament Aİ-ni İslam İnqilabı Keşikçiləri Korpusunun tam şəkildə terror təşkilatı kimi tanınması üçün gecikmədən hərəkətə keçməyə çağırdı.
Üzvlər risk altında olan şəxslərə qoruma, humanitar yardım və dəstək göstərmək üçün Aİ-nin bölgədəki mövcudluğunun gücləndirilməsi də daxil olmaqla diplomatik səylərin intensivləşdirilməsinə çağıraraq, İranın regionun ümumi təhlükəsizliyi və sabitliyi üçün ən böyük və ən mühüm təhdid və sülhün qarşısındakı əsas maneə olaraq qalmaqda davam etdiyini vurğuladılar.
Nəhayət, Parlament İranla münasibətlərin normallaşdırılmasının yalnız siyasi məhbusların qeyd-şərtsiz azad edilməsindən və demokratiya ilə hüququn aliliyinə doğru real irəliləyiş əldə edildikdən sonra mümkün ola biləcəyini vurğuladı, sədr Roberta Metsolanın İran rejimi nümayəndələrinin Avropa Parlamenti binalarına girişinin qadağan edilməsi qərarını alqışladı və üzv dövlətləri də eyni yolu tutmağa çağırdı.
Azərbaycan İnformasiya Agentliyi