CENTCOM: 3 min 500 dəniz piyadası Yaxın Şərqdəki tapşırıq yerinə çatıb
Vaşinqton, 28 mart (Hibya) – ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarına məxsus 3 min 500 hərbçinin Yaxın Şərqdəki tapşırıq yerinə çatdığını açıqlayıb.
CENTCOM bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının şəxsi heyəti USS Tripoli (LHA-7) gəmisi ilə Mərkəzi Komandanlığın məsuliyyət zonasına daxil olub.
Qeyd olunub ki, America sinifli amfibiya hücum gəmisi olan USS Tripoli, təxminən 3 min 500 nəfərdən ibarət Tripoli Amfibiya Hazır Qrupu və 31-ci Dəniz Piyadaları Ekspedisiya Bölməsinin flaqman gəmisi kimi fəaliyyət göstərir.
Bəyanatda həmçinin bildirilib ki, gəmi hava vasitələri, amfibiya əməliyyat imkanları və taktiki avadanlıqları ilə regiondakı hərbi potensialı gücləndirir.
Azərbaycan İnformasiya Agentliyi