Çinlə APEC iqtisadiyyatları arasında ticarət 21 faiz artıb
Bu ilin ilk yeddi ayında Çinlə APEC-in digər iqtisadiyyatları arasında ümumi idxal və ixrac həcmi illik müqayisədə 21 faiz artaraq 18 trilyon 30 milyard yuana çatıb.
2026-cı il APEC Gömrük Qurumları və Biznes Dialoqunda açıqlanan məlumatlara görə, Asiya-Sakit okean regionunun iqtisadiyyatları qlobal iqtisadiyyatın 60 faizindən çoxunu təşkil edir, regionun ticarət həcmi isə dünya ticarətinin təxminən yarısına bərabərdir.
APEC Katibliyinin icraçı direktoru Eduardo Pedrosa kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) Asiya-Sakit okean regionundakı müəssisələrin 97 faizini təşkil etdiyini bildirib. Pedrosa KOS-ların ticarət fəaliyyətlərinin asanlaşdırılmasının, sənədləşmə prosedurlarının sadələşdirilməsinin və sənədlərin qarşılıqlı tanınmasının təşviq edilməsinin qarşıdakı illərdə regionun prioritet fəaliyyət istiqamətləri sırasında olacağını vurğulayıb.
Dialoq çərçivəsində Çin Baş Gömrük İdarəsi Honq Konq Xüsusi İnzibati Rayonunun Gömrük İdarəsi, Avrasiya İqtisadi Komissiyasının Gömrük Əməkdaşlığı Departamenti, Cənubi Koreyanın Qida və Dərman Təhlükəsizliyi Nazirliyi və Çilinin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə görüşlər keçirib.
Azərbaycan İnformasiya Agentliyi