Fələstin Afrika İttifaqı, İƏT və Ərəb Liqasının birgə bəyanatını dəstəkləyib
Ramallah, 5 noyabr (Hibya) – Fələstin Xarici İşlər və Mühacirlər Nazirliyi Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası arasında Fələstin məsələsi ilə bağlı hadisələri qiymətləndirmək məqsədilə keçirilən məsləhətləşmə görüşünün birgə bəyanatını məmnuniyyətlə qarşılayıb.
Fələstin Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərini işğal altındakı Qüdsə köçürən və ya köçürmək niyyətini açıqlayan ölkələrə bu qanunsuz qərarlardan imtina etmək çağırışını da dəstəkləyib. Nazirlik Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozan və İsrailin işğalını, yaxud qanunsuz ilhaq cəhdlərini möhkəmləndirən addımlardan çəkinməyin vacibliyini bildirib. Birgə bəyanatda həmçinin İsrailin müstəmləkəçi işğalına son qoyulması və beynəlxalq hüquq, BMT-nin müvafiq qətnamələri, Ərəb Sülh Təşəbbüsü və 2025-ci il Nyu-York Bəyannaməsi əsasında iki dövlətli həllin həyata keçirilməsi zərurəti vurğulanıb. Bu çərçivədə 4 iyun 1967-ci il sərhədləri daxilində, paytaxtı Qüds olan müstəqil və suveren Fələstin Dövlətinin yaradılması, eləcə də Fələstin xalqının öz müqəddəratını təyinetmə, müstəqillik, qayıdış və qaçqınlar üçün təzminat hüquqlarının təmin edilməsi tələb olunub.
Bəyanatda İsrailin məskunlaşma fəaliyyətlərinin rədd edildiyi, yaşayış məntəqələrinin ləğv edilməsi, fələstinlilərə, onların torpaqlarına, əmlaklarına və müqəddəs məkanlarına qarşı zorakılıq və terror aktlarına görə məsuliyyət daşıyan məskunlaşanların cavabdehliyə cəlb edilməsi və tərksilah olunması çağırışlarının yer aldığı bildirilib. Qanunsuz məskunlaşma fəaliyyətlərində iştirak edən şirkətlərə qarşı zəruri hüquqi və iqtisadi tədbirlərin görülməsi də tələb olunub. Fələstinli məhbusların qorunması, məcburi itkin düşmə, məhkəməsiz edam, pis rəftar və işgəncə ilə bağlı iddiaların pislənməsi, bu pozuntulara görə məsul şəxslərin milli və beynəlxalq məhkəmələrdə cavabdehliyə cəlb edilməsi və Fələstin xalqına beynəlxalq müdafiənin təmin olunması da bəyanatın əsas mövzuları arasında yer alıb.
Fələstin Xarici İşlər Nazirliyi Fələstin hökumətinin Qəzza da daxil olmaqla bütün işğal altındakı Fələstin ərazilərində öz vəzifələrini yerinə yetirə bilməsi üçün dəstəklənməsi, saxlanılan Fələstin vergi gəlirlərinin azad edilməsi və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) mandatının qorunması və dəstəklənməsi çağırışlarını da məmnuniyyətlə qarşılayıb. Nazirlik Sebastiya arxeoloji ərazisinin Təhlükə Altında Olan Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı yanaşmanı da müsbət qiymətləndirib. Bütün ölkələri Fələstin Dövlətini tanımağa və Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləməyə çağırmağın əhəmiyyətini vurğulayan nazirlik Afrika İttifaqı, İƏT və Ərəb Liqası arasında üçtərəfli koordinasiya mexanizminin fəallaşdırılmasını və ortaq mövqelərin İsrail işğalına son qoyulması, Fələstin xalqının hüquqlarının təmin edilməsi istiqamətində konkret siyasi, hüquqi və diplomatik addımlara çevrilməsini istəyib.
Azərbaycan İnformasiya Agentliyi