Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstinin Xarici İşlər və Xaricdə Yaşayan Fələstinlilərlə İş üzrə Nazirliyi Kolumbiya hökumətinin işğal altındakı Qüds şəhərində İsrailə səfirlik açmasını ən sərt şəkildə pisləyib. Nazirlik bu addımın beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinin açıq şəkildə pozulması olduğunu, həmçinin Fələstin xalqına və onun qanuni milli hüquqlarına qarşı hücum xarakteri daşıdığını bildirib.

İşğal altındakı Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş bütün tədbir və qərarların etibarsız olduğunu vurğulayan nazirlik bu cür təşəbbüslərin heç bir hüquqi nəticə doğurmayacağını qeyd edib.

Açıqlamada səfirliyin açılmasının beynəlxalq legitimlik çərçivəsində qəbul edilmiş qətnamələri, xüsusilə BMT Təhlükəsizlik Şurasının 476 və 478 saylı qətnamələrini pozduğu bildirilib. Bu addımın müqəddəs şəhərin hüquqi statusuna dair beynəlxalq konsensusu zəiflətdiyi və Fələstin xalqının ayrılmaz hüquqlarına zərər vurduğu qeyd olunub. Nazirlik həmçinin bunun İsrail hakimiyyətini müstəmləkəçilik siyasətini davam etdirməyə və yerlərdə qanunsuz faktiki vəziyyət yaratmağa təşviq etdiyini bildirib.

Fələstinin Xarici İşlər və Xaricdə Yaşayan Fələstinlilərlə İş üzrə Nazirliyi Kolumbiya hökumətini beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə riayət etməyə, həmçinin bu qərarı geri götürməyə çağırıb. Açıqlamada belə addımların ədalətli və hərtərəfli sülhün təmin edilməsi, İsrailin uzunmüddətli işğalına son qoyulması və paytaxtı Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Nazirlik həmçinin qardaş və dost ölkələri, regional və beynəlxalq təşkilatları Fələstin xalqının ayrılmaz hüquqlarının qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb. Açıqlamada Qüdsün hüquqi statusuna dair beynəlxalq qətnamələrin icrasının, eləcə də Qüdsdə səfirlik açan və ya səfirliklərini bu şəhərə köçürən ölkələrə qarşı zəruri siyasi, diplomatik, iqtisadi və hüquqi tədbirlərin görülməsi haqqında ərəb və İslam dünyasının birgə qərarlarının həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp