Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin xəbərinə görə, Yəmənin strateji Bab əl-Məndəb boğazı yaxınlığında yerləşən Moça limanı təkrarlanan Husi raket və pilotsuz uçuş aparatı hücumları səbəbindən ticarət və dənizçilik fəaliyyətlərini dayandırıb.

Hökumət və liman rəsmiləri hücumlarda 7 nəfərin öldüyünü, birbaşa iqtisadi itkinin isə təxminən 16 milyon dollara çatdığını açıqlayıblar.

Yəmənin cənub-qərbindəki Taiz vilayətində yerləşən Moça limanı hökumətin nəzarətində olan bölgələrə çatan kommersiya malları və əsas təchizat üçün mühüm giriş nöqtəsidir.

Liman müdiri Abdulmalik əl-Şərhabi ötən həftə keçirilən hücumlarda liman təhlükəsizlik qüvvələrinin 4 üzvü və 3 liman əməkdaşının öldüyünü, obyekt və avadanlıqların ciddi zərər gördüyünü bildirib.

Əl-Şərhabi hücumların limanın müxtəlif hissələri ilə yanaşı anbarlara və texniki xidmət emalatxanalarına da təsir etdiyini bildirərək, “Hücum zamanı liman kompleksindəki hər bir iqtisadi obyekt hədəfə alındı” deyib.

Hücumlarda limanın genişləndirilməsi işlərində istifadə olunan 6 taxta gəmi və bir dibdərinləşdirici gəminin də zədələndiyi bildirilib. Daşınma və ticarət fəaliyyətlərinin dayandırılması təxminən 1 300 işçini gəlirdən məhrum edib.

Hücumlar limandakı kommersiya fəaliyyəti ilə yanaşı tacirlərə də ciddi təsir göstərib. Moça Tacirlər Birliyinin sədri Məhəmməd əl-Qanami limanda lövbər salmış ticarət gəmilərinin də hücumlardan zərər gördüyünü bildirib.

Yəmənin hökumətyönlü Milli Müqavimət Qüvvələri isə Husilərin 9-14 avqust tarixləri arasında Moça limanı və ətrafına hücumlarda 40 ballistik raket və 46 pilotsuz uçuş aparatından istifadə etdiyini açıqlayıb. Bəyanatda hücumlarda partlayıcı yüklü qayıqlardan da istifadə olunduğu bildirilib.

Husilər isə Moça bölgəsindəki əməliyyatlarının Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələrinin hərbi cəmləşmələrini və silah anbarlarını hədəf aldığını iddia edib.

Yəmən hökuməti bu iddianı rədd edərək Moça limanının mülki və kommersiya obyekti olduğunu vurğulayıb.

Moça limanına hücumlar Yəməndə genişmiqyaslı döyüşlərin yenidən başlaya biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə olunan atəşkəs 2022-ci ilin oktyabrında başa çatmışdı. Lakin son hücumlara qədər ölkədə kövrək faktiki atəşkəs böyük ölçüdə qorunurdu.

Son hadisələr Yəməndə münaqişələrin yenidən kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp