İran və Pakistanın xarici işlər nazirləri İsrailin hücumlarını müzakirə etdilər
Tehran, 19 iyun (Hibya) – İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi ilə Pakistanın Baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı aparıblar.
Danışıqlar zamanı Əraqçi İran hökuməti və xalqına həmrəylik mesajlarına və İsrailin hücumlarını pisləyən mövqelərinə görə Pakistan rəsmilərinə təşəkkür edib.
Əraqçi İsrailin İranda dövlət infrastrukturuna, nüvə obyektlərinə, yaşayış məntəqələrinə, xəstəxanalara, səhiyyə müəssisələrinə və dövlət televiziyasına etdiyi hücumlar barədə məlumat verib. O, bu əməllərin bölgədəki qeyri-sabitliyin əsas səbəblərindən biri olduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu hücumları birgə şəkildə pisləməyə və BMT Təhlükəsizlik Şurasını hərəkətə keçməyə çağırıb.
Pakistanın xarici işlər naziri İshaq Dar isə bildirib ki, ölkəsi İsrailin İrana qarşı hərbi hücumlarını qətiyyətlə pisləyir və Pakistan hökuməti və xalqı İranı tam şəkildə dəstəkləyir.
Azərbaycan İnformasiya Agentliyi