İranda it gəzdirmə qadağası genişlənir
Tehran, 9 iyun (Hibya) – BBC-nin xəbərinə görə, İran rəsmiləri ictimai asayiş, sağlamlıq və təhlükəsizlik narahatlıqlarını əsas gətirərək, it gəzdirmə qadağasını ölkə üzrə bir çox şəhərlərə genişləndiriblər.
Paytaxt Tehranda 2019-cu ildə verilmiş polis əmrinə əsaslanan bu qadağa keçən həftə azı 18 əlavə şəhəri də əhatə etməyə başlayıb. İtlərin avtomobillərdə daşınması da qadağan olunub.
1979-cu il İslam İnqilabından bəri İranda it saxlamaq xoş qarşılanmır. Rəsmilər itləri “nəcis” sayır və onları Qərb mədəniyyətinin mirası kimi görürlər.
Ancaq bu sahədəki məhdudiyyətlərə baxmayaraq, xüsusilə gənclər arasında it saxlamaq yayılmaqda davam edir və bu, İranın sərt rejiminə qarşı bir etiraz forması kimi dəyərləndirilir.
Yerlı mediaya görə, qərbdə yerləşən İlam şəhərindən bir rəsmi bazar günü bildirib ki, yeni qaydaları pozan şəxslərə qarşı “hüquqi tədbirlər” görüləcək.
Lakin keçmişdə bu məhdudiyyətlər bəzən nizamsız tətbiq edilib və bir çox it sahibi hələ də Tehranda və digər bölgələrdə itlərini açıq yerlərdə gəzdirməyə davam edir.
İranda it saxlamağı açıq şəkildə qadağan edən milli qanun yoxdur, lakin prokurorlar adətən yerli polis tərəfindən icra olunan məhdudiyyətlər tətbiq edirlər.
Qərbdəki Həmədan şəhərinin prokuroru Abbas Nəcəfi dövlət qəzetinə bildirib: “İt gəzdirmək ictimai sağlamlıq, asayiş və rahatlıq üçün təhdiddir.”
Bəzən itini açıq sahədə gəzdirən sahiblər həbs olunur və itlərinə əl qoyulur.
Bir çox insan aşkarlanmaqdan yayınmaq üçün itlərini gecələr və ya tənha ərazilərdə gəzdirməyə başlayıb.
İslam rejimindəki siyasətçilər ev heyvanı saxlamağı qeyri-İslam sayırlar. Bir çox din alimi isə itə toxunmağı və ya tüpürcəyinə toxunmağı “nəcis” və ya dini baxımdan çirkli sayır.
İranın ali lideri Ayətullah Əli Xamenei daha əvvəl it saxlamağı – çobanlıq, ov və təhlükəsizlik məqsədləri istisna olmaqla – “qınanacaq bir iş” kimi xarakterizə etmişdi.
Son sərtləşmədən sonra tənqidçilər bildirirlər ki, polis şəxsi azadlıqları məhdudlaşdırmaq əvəzinə, artan zorakı cinayətlər fonunda ictimai təhlükəsizliyə diqqət yetirməlidir.
İranda məcburi hicab qanunlarına qarşı çıxmaqla yanaşı, it saxlamaq, gizli partilərə qatılmaq və alkoqol qəbul etmək uzun müddətdir teokratik rejimə qarşı səssiz bir etiraz vasitəsi kimi dəyərləndirilir.
Azərbaycan İnformasiya Agentliyi