İsrail Norveçdə Tövrat perqamenti parçasının hərraca çıxarılmasına etiraz edib
Qüds, 18 oktyabr (Hibya) - İsrail Xarici İşlər Nazirliyi Holokost zamanı nasist SS əsgərləri tərəfindən talan edildiyi bildirilən Tövrat perqamentinin bir parçasının Osloda hərraca çıxarılmasına etiraz edərək Norveç hökumətini satışın dayandırılmasına çağırıb.
İsrail Xarici İşlər Nazirliyi Holokost zamanı alman SS əsgərləri tərəfindən talan edildiyi bildirilən Tövrat perqamentinin bir parçasının Norveçin paytaxtı Osloda yerləşən Valkyrie Historical Auctions hərrac evində satışa çıxarılmasının gözlənildiyini açıqlayıb.
Nazirliyin açıqlamasında həmin perqamentin zədələndiyi, talan edildiyi və üzərinə yazılar yazılmaqla müqəddəsliyinin təhqir olunduğu, həmçinin SS əsgərləri tərəfindən qablaşdırma kağızı kimi istifadə edildiyi bildirilib.
Açıqlamada Norveç hökumətinin norveçli şagirdlərin məhvetmə düşərgələrinə səfərlərinə göstərdiyi maliyyə dəstəyini də ləğv etməsinin gözlənildiyi qeyd olunub.
İsrail Xarici İşlər Nazirliyi bu iki hadisə arasındakı ziddiyyətə diqqət çəkərək bildirib: “Nasistlər tərəfindən talan edilmiş müqəddəs mətnlərin hərracları: DAVAM EDİR. Məhvetmə düşərgələrinə səfərlər: LƏĞV EDİLİR.”
Norveç hökumətinə çağırış edən Nazirlik açıqlamasını bu sözlərlə tamamlayıb: “İsrail Norveç hökumətindən bu mənəvi rüsvayçılığa dərhal son qoymasını gözləyir.”
Azərbaycan İnformasiya Agentliyi