Peruda Maçu Piççu yaxınlığında qatar qəzası: bir nəfər ölüb, onlarla insan xəsarət alıb
Stokholm, 31 dekabr (Hibya) - Perunun ən populyar turistik məkanı olan Maçu Piççu yaxınlığında baş verən qatar qəzasında bir qatar sürücüsü həyatını itirib, ən azı 40 nəfər xəsarət alıb.
Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, çərşənbə axşamı qədim İnka şəhərinə gedən yeganə xətt üzərində iki qatar toqquşub.
Açıqlamada hadisə yerinə 20 təcili tibbi yardım maşınının göndərildiyi və yaralıların yaxınlıqdakı Kusko şəhərindəki tibb müəssisələrinə aparıldığı bildirilib.
Perudakı ABŞ Səfirliyi qəza zamanı ABŞ vətəndaşlarının da xəsarət aldığını bildirib, lakin polis hələlik hadisədə iştirak edən şəxslərin kimliyini təsdiqləməyib.
Yerli Peru21 media qurumu qəza bölgəsi ətrafındakı çətin relyef səbəbindən təxliyənin “əngəlləndiyini” və “yüzlərlə” turistin hadisə yerində təxliyəni gözlədiyini yazıb.
Toqquşma Ollantaytambo stansiyası ilə Maçu Piççuya ən yaxın qəsəbə olan Aguas Kalientesi birləşdirən relslərdə baş verib. İki stansiya arasındakı səfər adətən təxminən 90 dəqiqə çəkir.
Qəzaya qarışan iki qatar müvafiq olaraq PeruRail və Inca Rail tərəfindən istismar edilirdi.
PeruRail açıqlamasında “Baş verənlərə görə dərin kədər hissi keçiririk” deyib və əməkdaşlarının hadisədə iştirak edən qatar sürücüsünə, konduktora və sərnişinlərə “dərhal” ilkin tibbi yardım göstərdiyini əlavə edib.
Qəzanın səbəbi hələlik məlum deyil.
Azərbaycan İnformasiya Agentliyi