Quterreş: İordan çayının qərb sahilində görülən tədbirlər sülhü təhdid edir
Nyu-York, 9 fevral (Hibya) – Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin İordan çayının qərb sahilində həyata keçirdiyi inzibati və icraedici tədbirlərlə bağlı ciddi narahatlığını ifadə edib.
BMT Baş katibi Quterreş İsrailin təhlükəsizlik kabinetinin İordan çayının qərb sahilində qəbul etdiyi inzibati və icraedici tədbirlərlə bağlı açıqlama verib. BMT-nin sözçüsü Stefan Düjarrik vasitəsilə yayılan bəyanatda Quterreşin fikirləri yer alıb:
“BMT Baş katibi İsrailin təhlükəsizlik kabinetinin işğal altındakı İordan çayının qərb sahilində A və B bölgələrində bir sıra inzibati və icraedici tədbirləri təsdiqləməsi qərarından dərin narahatlıq keçirir. Bu qərar və ərazidəki mövcud gedişat iki dövlətli həll imkanlarını zəiflədir.”
Quterreş həmçinin vurğulayıb ki, Şərqi Qüds də daxil olmaqla bütün İsrail yaşayış məntəqələri “heç bir hüquqi qüvvəyə malik deyil və müvafiq BMT qətnamələri də daxil olmaqla beynəlxalq hüquqa açıq şəkildə ziddir”.
Baş katib xatırladıb ki, İsrailin işğal altındakı Fələstin ərazilərində mövcudluğu təkcə qeyri-sabitliyə səbəb olmur, həm də Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qanunsuz hesab edilib.
Quterreş deyib: “Mən İsraili bu tədbirləri geri götürməyə çağırıram və bütün tərəfləri müvafiq Təhlükəsizlik Şurası qətnamələri və beynəlxalq hüquq çərçivəsində, daimi sülhün yeganə yolu olan danışıqlara əsaslanan iki dövlətli həlli qorumağa səsləyirəm.”
Azərbaycan İnformasiya Agentliyi