Bolqarıstan Aİ-nin Bərpa Planı çərçivəsində 1,47 milyard avro ödəniş alıb
Sofiya, 29 dekabr (Hibya) – Bolqarıstan Avropa İttifaqının Milli Bərpa və Dayanıqlılıq Planı çərçivəsində üçüncü tranş olan 1,47 milyard avro məbləğində ödənişi alıb.
Bolqarıstan Respublikasının Nazirlər Şurasının açıqlamasına görə, Avropa İttifaqı Bolqarıstanın ödəniş tələbində yer alan 50 hədəf və mərhələdən 48-nin uğurla tamamlandığını təsdiqlədikdən sonra vəsaitin köçürülməsi həyata keçirilib.
Bu ödəniş indiyədək təqdim olunan müraciətlər arasında həcm baxımından ən böyük tranşdır.
Üçüncü ödəniş tələbi tədqiqat və innovasiya, dekarbonizasiya, dövlət satınalmaları, dövlət müəssisələrinin idarəetmə çərçivəsinin yaxşılaşdırılması, e-hökumət və e-səhiyyə sistemlərinin inkişafı kimi sahələrdə 22 islahat və 19 investisiyanı əhatə edir.
Məlumata görə, bu ödəniş hazırkı hökumətin fəaliyyət dövründə Avropa Komissiyasından alınan ikinci ən böyük transfer olub.
Azərbaycan İnformasiya Agentliyi