Əraqçi: İran ABŞ ilə ciddi və praqmatik danışıqlara hazırdır
Tehran, 13 yanvar (Hibya) – İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkədə baş verən hadisələrin arxasında ABŞ və İsrailin dayandığını göstərən sübutlar topladıqlarını bildirərək, zorakılıq əməllərinin Mossad agentləri tərəfindən yönləndirildiyini deyib.
CCTV-nin məlumatına görə, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Tehranda keçirdiyi mətbuat konfransında son dövrlərdəki iğtişaşları ABŞ və İsrail ilə əlaqələndirən geniş sənəd və sübutlara malik olduqlarını açıqlayıb.
Əraqçi bildirib ki, 28 dekabr 2025-ci ildə dinc şəkildə başlayan etirazlar 8 yanvardan etibarən silahlı qrupların qoşulması ilə zorakılıq və xaosa sürüklənib.
Keçmiş CIA direktoru Mayk Pompeonun sosial şəbəkələrdəki paylaşımına istinad edən Əraqçi deyib: “Bu, Mossad agentlərinin bu cür terror aktlarını yönləndirməyə çalışdığını açıq şəkildə göstərir”.
İranın müharibə axtarışında olmadığını, lakin mümkün müharibəyə tam hazır olduğunu vurğulayan Əraqçi qeyd edib: “İran ABŞ ilə ciddi və praqmatik danışıqlara hazırdır, lakin danışıqlar Vaşinqtonun birtərəfli təzyiqləri deyil, ədalət, bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında aparılmalıdır”.
Azərbaycan İnformasiya Agentliyi