Fələstin İsraili körpənin ölümündə ittiham etdi
Ramallah, 6 iyul (Hibya) – Fələstin Xarici İşlər və Xaricdə Yaşayanlar Nazirliyi İsrail qüvvələrinin İordan çayının qərb sahilində yerləşən nəzarət-keçid məntəqəsində dörd aylıq Əhməd Maruf Zeydin xəstəxanaya çatdırılmasına mane olduğunu iddia edərək hadisəni pisləyib.
Fələstin Xarici İşlər və Xaricdə Yaşayanlar Nazirliyinin bəyanatında İsrailin nəzarət-keçid məntəqələrinin "ölüm baryerləri" olduğu bildirilib və Ramallahın qərbindəki Deyr Ammar kəndinin girişində ağır vəziyyətdə olan körpənin xəstəxanaya çatdırılmasının bir saatdan çox əngəlləndiyi, Əhməd Maruf Zeydin isə gözləyərkən həyatını itirdiyi iddia olunub.
Bəyanatda hadisənin "uşaqları hədəf alan sistemli və qəsdən həyata keçirilən siyasətin bir hissəsi" olduğu vurğulanaraq bildirilib: "Beynəlxalq ictimaiyyəti bu cinayətlərin əsas səbəbi olan İsrail işğalına mümkün qədər tez son qoymaq üçün hərəkətə keçməyə çağırırıq."
Azərbaycan İnformasiya Agentliyi