Plenkoviç: Xalqın etimadını yeniləmək üçün yeni seçki mübarizələrinə hazırlaşırıq
Zaqreb, 28 noyabr (Hibya) – Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Xorvat Demokratik Birliyinin (HDZ) Baş Assambleyasında çıxışı zamanı ölkə iqtisadiyyatının 23 rübdür fasiləsiz böyüdüyünü və illik iqtisadi artım gözləntisinin 2,3 faiz olduğunu bildirib.
Xorvatiyanın Baş naziri və HDZ-nin sədri Andrey Plenkoviç partiyanın Şibenik şəhərində keçirilən 22-ci Baş Assambleyasının ardından verdiyi açıqlamada ölkənin iqtisadi artım göstəricilərini və müxalifətin tənqidlərini dəyərləndirib.
Sosial media hesabında paylaşım edən Plenkoviç Xorvatiya iqtisadiyyatının üçüncü rübdə 2,9 faiz böyüdüyünü və il ərzində iqtisadi artımın təxminən 2,3 faiz təşkil edəcəyini gözlədiklərini bildirərək bu göstəricilərin Avropa İttifaqı və avrozonanın orta göstəricilərindən xeyli yüksək olduğunu vurğulayıb. Müxalifətin fəlakət ssenariləri cızdığını bildirən Plenkoviç deyib: “Müxalifətdən soruşuruq: Ardıcıl 23 rübdür davam edən iqtisadi artımdan bezmisiniz? Məktəblərə, uşaq bağçalarına, yollara və xəstəxanalara yatırılan sərmayələrdənmi? Peleşats körpüsündən, Sisaka gedən avtomagistraldanmı? Səlahiyyət müddətimiz ərzində yaradılan 300 min yeni iş yeri, 100 faizdən çox artan əməkhaqları və pensiyalar sizi narahat edirmi? Keçmiş nailiyyətlərimizlə fəxr edərək Xorvatiya xalqının etimadını yeniləmək üçün yeni seçki mübarizələrinə hazırlaşırıq.”
Azərbaycan İnformasiya Agentliyi