Azərbaycan Prezidenti Əliyev BlackRock və GIP rəhbərləri ilə görüşüb
Davos, 20 yanvar (Hibya) – Azərbaycan Prezidenti İlham Əliyev Davosda BlackRock-ın baş icraçı direktoru (CEO) Lerri Fink və Global Infrastructure Partners (GIP) şirkətinin rəhbəri Adebayo Ogunlesi ilə görüşərək, Azərbaycanda infrastruktur investisiyaları və uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə edib.
Azərbaycan Prezidenti İlham Əliyev 20 yanvar tarixində Davosda BlackRock-ın baş icraçı direktoru (CEO) Lerri Fink və BlackRock tərkibində fəaliyyət göstərən GIP-nin təsisçi tərəfdaşı, İdarə Heyətinin sədri və CEO-su Adebayo Ogunlesi ilə görüş keçirib.
Görüşdə Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) ilə BlackRock arasında mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanın infrastruktur sektorunda potensial investisiya imkanları müzakirə olunub.
Prezident İlham Əliyevin Davos səfəri çərçivəsində SOFAZ, BlackRock və onun törəmə şirkəti Global Infrastructure Partners arasında uzunmüddətli əməkdaşlığa dair Niyyət Memorandumunun imzalanmasının əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu sənəd mövcud tərəfdaşlığın uzunmüddətli strateji çərçivədə davam etdirilməsini və beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycandakı investisiya imkanlarının qiymətləndirilməsini nəzərdə tutur.
Bildirilib ki, Niyyət Memorandumu çərçivəsində SOFAZ qarşıdakı 3–4 il ərzində GIP tərəfindən idarə olunan infrastruktur fondları ilə birgə investisiya layihələri üçün 1,5 milyard ABŞ dollarınadək kapital öhdəliyinin nəzərdən keçirilməsini planlaşdırır.
Əməkdaşlıq çərçivəsində həmçinin məlumat mərkəzləri, regional bulud və süni intellekt tələbinə xidmət edən infrastruktur investisiyaları, eləcə də hava limanı infrastrukturu sahəsində tərəfdaşlıq imkanlarının GIP-nin əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla araşdırılacağı qeyd edilib.
İnfrastruktur aktivlərinə investisiya imkanlarının qiymətləndirilməsinin əməkdaşlığın əsas elementlərindən biri olduğu bildirilib. Niyyət Memorandumunun SOFAZ-ın qlobal investisiya ekosistemində mövqeyini gücləndirməsi, beynəlxalq tərəfdaşlıqlarını genişləndirməsi və Azərbaycanın strateji əhəmiyyətə malik infrastruktur sektorlarında uzunmüddətli investisiya imkanları yaratması hədəflənir.
Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Niyyət Memorandumunun mübadiləsi mərasimi keçirilib.
Azərbaycan İnformasiya Agentliyi