Çin Long March-10B raketinin birinci mərhələsini uğurla geri qaytardı
Pekin, 10 iyul (Hibya) - Çin təkrar istifadə oluna bilən Long March-10B raketinin ilk buraxılışı zamanı birinci mərhələni nəzarətli şəkildə uğurla geri qaytardı.
CCTV-nin məlumatına görə, təkrar istifadə oluna bilən Long March-10B daşıyıcı raketi Haynan əyalətində yerləşən Vençan Kosmik Aparatların Buraxılış Mərkəzindən ilk dəfə buraxılıb.
Məlumatda bildirilir ki, raketin birinci və ikinci mərhələləri ayrıldıqdan sonra birinci mərhələ dəniz platformasında yerləşən torla tutma sistemi vasitəsilə nəzarətli şəkildə geri qaytarılıb. Qeyd olunub ki, bu, Çinin daşıyıcı raketin birinci mərhələsini ilk dəfə nəzarətli şəkildə uğurla geri qaytarmasıdır.
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) tədqiqatçısı Hao Jinjie bildirib ki, Long March-10B əsasən kommersiya kosmik bazarı üçün hazırlanıb və torla tutma sistemi sayəsində raketin yükdaşıma qabiliyyətinin artırılması hədəflənir.
CCTV-nin məlumatına görə, təxminən 890 ton qalxış itələmə gücünə və 760 ton qalxış kütləsinə malik Long March-10B təkrar istifadə edilən konfiqurasiyada aşağı Yer orbitinə 16 ton faydalı yük daşıya bilir. Məlumatda həmçinin torla tutma sisteminin bu sahədə dünyada ilk dəfə tətbiq olunduğu qeyd edilib.
Azərbaycan İnformasiya Agentliyi