Sıbiha: Putin müharibəni uzatmaqda davam edir
Ukraynanın xarici işlər naziri Andrii Sıbiha Rusiyanın Xarkiv vilayətinin Peçenihi kəndinə hücumu nəticəsində azı 10 nəfərin həyatını itirdiyini bildirib. Sıbiha Moskvanın atəşkəs təkliflərini rədd etməklə müharibəni uzatdığını deyərək Rusiyaya qarşı sanksiyalar və məsuliyyətə cəlb olunma çağırışı edib.
Ukraynanın xarici işlər naziri Andrii Sıbiha Rusiyanın Xarkiv vilayətinin Peçenihi kəndinə hücumu ilə bağlı açıqlama verib.
Sıbiha, “Putin Ukraynanın real atəşkəs təkliflərini qəbul edib qan tökülməsinə son qoymaq əvəzinə müharibəni uzatmaqda davam edir” deyib.
Sıbiha Rusiyanın Peçenihiyə hücumu nəticəsində azı 10 nəfərin həyatını itirdiyini, 10 yaşayış binasının, həmçinin kafe, poçt şöbəsi və mağazanın zərər gördüyünü bildirib.
Sıbiha Moskva sülhü rədd etməkdə davam etdiyi müddətdə müharibəni uzatmağın qiymətinin əlavə sanksiyalar, təcrid və Rusiyanın törətdiyi cinayətlərə görə ciddi məsuliyyət yolu ilə artırılmalı olduğunu bildirib.
Ukraynanın tərəfdaşlarını və beynəlxalq təşkilatları məlumatlandırdığını qeyd edən Sıbiha hücumların dayandırılması və ədalətin təmin olunması üçün hərəkətə keçməyə çağırıb.
Sıbiha həmçinin bütün dövlətləri Ukraynaya qarşı Təcavüz Cinayəti üzrə Xüsusi Tribunal çərçivəsində məsuliyyətə cəlb etmə səylərinə qoşulmağa çağırıb. Xüsusi tribunalın yaxın zamanda Haaqada fəaliyyətə başlayacağını bildirən Sıbiha Rusiyanın törətdiyi cinayətlərə görə cavab verməsinin təkcə təcavüz qurbanları üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün prinsip məsələsi olduğunu vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi