18 ölkə İsrailin Nasser Tibb Kompleksinə hava hücumunu pisləyib
Türkiyənin də daxil olduğu 18 ərəb və İslam ölkəsi İsrailin Qəzza zolağının Xan Yunis şəhərində yerləşən Nasser Tibb Kompleksinə endirdiyi hava zərbəsini pisləyərək hücumun beynəlxalq humanitar hüququ pozduğunu bildirib. Xarici işlər nazirləri İsraili atəşkəsə əməl etməyə və humanitar yardımların Qəzzaya fasiləsiz çatdırılmasını təmin etməyə çağırıblar.
Qətər Xarici İşlər Nazirliyinin 14 noyabr 2026-cı il tarixli birgə bəyanatına əsasən, Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Türkiyə, Əlcəzair, Cibuti, Səudiyyə Ərəbistanı, Sudan, Somali, Oman, Fələstin, Küveyt, Livan, Liviya, Misir və Mavritaniyanın xarici işlər nazirləri İsrailin Xan Yunisdəki Nasser Tibb Kompleksinə endirdiyi hava zərbəsini ən sərt şəkildə pisləyiblər.
Bəyanatda xəstələr və tibb işçiləri arasında insan tələfatına səbəb olan hücumun tibb müəssisələri və səhiyyə işçiləri üçün xüsusi müdafiə nəzərdə tutan beynəlxalq humanitar hüququ pozduğu bildirilib. İsrailin fələstinli mülki şəxslərə qarşı hücumlarını davam etdirməsi, məcburi köçkünlərin məskunlaşdığı çadırları və digər əraziləri hədəfə alması da pislənilib.
Bəyanatda qeyd olunub ki, bu hücumlar atəşkəsə və Qəzzada təhlükəsizliklə sabitliyin bərpası səylərinə xələl gətirir. Həmçinin bu hərəkətlərin ABŞ Prezidenti Donald Trampın hərtərəfli planına uyğun gəlmədiyi vurğulanıb.
Bəyanatda qış fəslinin yaxınlaşdığı bir vaxtda İsrailin humanitar yardımların, çadır, karvan və səyyar evlər kimi sığınacaq vasitələrinin, eləcə də tibbi ləvazimatların Qəzzaya daxil olmasına tətbiq etdiyi məhdudiyyətlərin humanitar fəlakəti daha da dərinləşdirdiyinə diqqət çəkilib. Qeyri-kafi yaşayış şəraiti, su təchizatı, sanitariya və səhiyyə xidmətlərinin pisləşməsinin mülki şəxslərin həyatını ciddi risk altında qoyduğu bildirilərək, xüsusilə uşaqların və körpələrin sərt soyuqlar səbəbindən yenidən həyatlarını itirə biləcəkləri barədə xəbərdarlıq edilib.
Xarici işlər nazirləri İsraili beynəlxalq ictimaiyyətin və Sülh Şurasının çağırışlarına qulaq asmağa, Şarm əl-Şeyx Sazişi, Trampın hərtərəfli planı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2803 (2025) saylı qətnaməsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri dərhal və tam şəkildə yerinə yetirməyə çağırıblar.
Bəyanatda İsrailin atəşkəsə əməl etməli, mülki şəxsləri və tibb müəssisələrini qorumalı, humanitar yardımların kifayət qədər, təhlükəsiz, fasiləsiz və maneəsiz şəkildə çatdırılmasını təmin etməli olduğu vurğulanıb. Həmçinin əsas infrastrukturun təmiri üçün zəruri olan sığınacaq və ilkin bərpa materiallarının, eləcə də avadanlıqların Qəzzaya daxil olmasına icazə verilməsi tələb edilib. Birləşmiş Millətlər Təşkilatının qurumlarının və humanitar yardım təşkilatlarının öz vəzifələrini heç bir maneə olmadan yerinə yetirə bilməsinin vacibliyi qeyd olunub.
Bəyanatda birinci mərhələyə aid öhdəliklərin imzalanma anından qüvvəyə minməli olduğu bildirilib. İsrailin bu öhdəlikləri humanitar yardıma çıxışı əngəlləyən siyasi və təhlükəsizlik şərtləri də daxil olmaqla yeni şərtlər irəli sürmədən həyata keçirməli olduğu vurğulanıb. Təcili humanitar yardımların planın sonrakı mərhələlərində əldə olunacaq irəliləyişdən asılı olmayaraq çatdırılmasına çağırış edilib.
Nazirlər həmçinin ABŞ və Sülh Şurasını öz məsuliyyət sahələri çərçivəsində İsrailin öhdəliklərini tam yerinə yetirməsini və humanitar yardımların daxil olmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını təmin etmək üçün səylərini artırmağa çağırıblar.
Bəyanatın sonunda atəşkəsin daimi hala gətirilməsi, planın bütün mərhələlərinin həyata keçirilməsi və Fələstin xalqının çəkdiyi əzabların yüngülləşdirilməsi məqsədilə humanitar yardımların artırılması üçün regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdiriləcəyi bildirilib.
Azərbaycan İnformasiya Agentliyi